|
|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə· Arxiv
|
Azərbaycan universitetləri dünyanın ən yaxşı ali məktəbləri sırasında
Müasir dünyada yaxşı ali məktəb elmi tədqiqatlara geniş yer verməklə, maddi-texniki bazasını və kadr potensialını daim inkişaf etdirməklə, keyfiyyətli təhsil verməklə tanınır. çağdaş dünyamızda ali məktəb də müasir, modern olmalıdır, dünyanın inkişaf meyillərini nəzərə almalı, əslində bu inkişafın hazırlanmasında iştirak etməli, dünyada görünməlidir. Bir ali məktəbin adı-sanı onun beynəlxalq aləmdə tanınması, dünya universitetləri, şirkətləri, və mediası tərəfindən bəyənilməsi ilə birbaşa bağlıdır. Müasir tanınma elektron dünyada, İnternetdə, çap olunmuş əsərlərin dünyaya yayılmasında özünü göstərir. Kölgə adamın boyu ilə mütənasib olduğu kimi, ali məktəbin gücü və səviyyəsi də onun dünyaya düşən kölgəsində, onun gördüyü işlərin dünyada tanınmasında özünü göstərir. Bir ali məktəb haqqında uzaqlarda, elm və təhsil dairələrində söhbət getmirsə, deməli, orada görülən işlər dünya ilə ayaqlaşmır, o ali məktəb müəyyən mənada dünyaya lazım deyil. Ali məktəblərimizin müasirləşməsi yavaş getdiyi üçün onlar az tanınır və müxtəlif kriteriyalar əsasında dünyada aparılan çoxsaylı reytinq araşdırmalarında Azərbaycan ali məktəbləri görünmür. Azərbaycanın müstəqillik əldə etdiyi dövr dünyada informasiya texnologiyalarının inqilabi dəyişikliklərə uğradığı və qloballaşmanın aparıcı gücə çevrildiyi dövrə təsadüf edir. Az da olsa, qlobal gücə malik olmaq səviyyə ölçüsünə çevrildi. Dövlət ali təhsili ilə yanaşı, özəl ali məktəblərin yaranması ali təhsilə bir rəqabət, yarış xarakteri gətirdi. Yeni yaranmış özəl ali məktəblər uzun illər Azərbaycanda olan yüksək kadr potensialına malik dövlət ali məktəbləri ilə bəzi kriteriyalar üzrə (məsələn, ştatda olan müəllimlərin sayı, elmi məqalələrin sayı) rəqabət aparmaqda təbii çətinlik çəksələr də, bəzi özəl universitetlər bir sıra məsələlərdə - keyfiyyətli təhsil, müasir tədris proqramları, müasir təhsil modellərinin tətbiqi, dil siyasəti, beynəlxalq əlaqələrin inkişafı, informasiya texnologiyalarının tətbiqi kimi məsələlərdə daha fəal olub daha müasir görünürlər. 2004-cü ildən bəri dünya ali məktəblərinin Webometrics adlı reytinqi elan olunur. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparır. Onlar Stanford Universitetinin və Google tədqiqatçılarının metodologiyasını əsas götürürlər. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı professor Ramon y Cajal tərəfindən yaradılmışdır. Əvvəlki illər 15-17 min ali məktəb araşdırılır və onlardan ən yaxşı 5 mini elan olunurdu. 2010-cu ilin əvvəlində isə 18 min ali məktəb öyrənildi və onlardan 8 min ən yaxşısı elan olundu. Universitetlərin qiymətləndirilməsi dörd nominasiya üzrə aparılmışdır. Əsas kriteriyalar ali məktəbin dünyada tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən qiymətləndirilməsi, müasir elmi nəşrlərin çəkisidir. 2010-cu il Webometrics reytinqində dünyanın 8 min ən yaxşı universiteti sırasına Azərbaycandan 2 universitet - Qafqaz və Xəzər universitetləri daxil edilmişlər.
Hamlet İSAXANLI, Xəzər Universitetinin rektoru
İstedadlı uşaqlar üçün 32 pilot məktəbi yaradılıb
ölkəmizdə istedadlı uşaq və gənclərin aşkara çıxarılması və onlarla iş sahəsində tədqiqatlara başlanılıb, 21 bölgədə 32 pilot məktəbi yaradılıb. 2010-cu ildə respublikamızın 8 bölgəsində (Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri, Şəki, Lənkəran, Quba, Ağdaş rayonları) isdedadlı uşaqlar üçün liseylərin yaradılması nəzərdə tutulub. Bu il Bakı şəhərində Beynəlxalq Mendeleyev olimpiadasının, "Kiçik Akademiya"nın respublika təsis konfransının keçirilməsi, istedadlı şagirdlərin müəyyənləşdirilməsi məqsədilə seçim tədbirlərinin, o cümlədən yekun seçim turunun təşkili də planlaşdırılıb.
Müəllimlərin işə qəbulu elektron vasitələr tətbiq edilməklə aparılacaq
ölkəmizdə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, müxtəlif müsabiqə və yarışların təşkili, layihə və proqramların həyata keçirilməsi sahəsində bir sıra qurumlarla səmərəli əməkdaşlıq əlaqələri yaradılıb, birgə tədbirlər həyata keçirilib. Bu il ölkəmizin ümumtəhsil məktəblərində pedaqoji kadr təminatı vəziyyətinin monitorinqinin aparılması, respublika üzrə müəllimlərin işə qəbulu sahəsində elektron vasitələr tətbiq edilməklə yeni mexanizmlərin tətbiqi nəzərdə tutulub. Eləcə də işləyən müəllimlərin və rəhbər pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üzrə mexanizm hazırlanıb tətbiq ediləcəkdir.
Y.ƏLİYEV
Amerikalı qonaqlar ADU-da olublar
Fevralın 18-də ABŞ Konqresi üzvlərinin köməkçiləri Azərbaycan Dillər Universitetində olublar. Qonaqlar ADU-nun rektoru, professor, millət vəkili Səməd Seyidov və universitetin professor-müəllim heyəti ilə görüşüblər. Görüşdə ABŞ və Azərbaycan arasında əlaqələrin geniş olduğunu bildirən S. Seyidov keçmiş sovet məkanında ən böyük Amerika Mərkəzindən birinin məhz ADU-da olduğunu qeyd edib. Görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson da ADU-da yaradılan Amerika Mərkəzinin məhz Amerikaya "bir pəncərə" olduğunu söyləyib. Görüşdə təhsil sahəsində Azərbaycanla ABŞ arasında yaradılan əməkdaşlığın getdikcə genişləndiyindən də söz açılıb.
Şakir CƏFƏROV
Pedaqoji təcrübəyə həsr edilmiş konfrans
Naxçıvan özəl Universitetində pedaqoji fakültənin əyani şöbəsinin Azərbaycan dili və ədəbiyyatı, xarici dil (ingilis), tarix və ictimaiyyat, riyaziyyat-informatika ixtisasları üzrə III kurs tələbələrinin 2009-2010-cu tədris ilinin ikinci yarısında keçəcəkləri pedaqoji təcrübəyə həsr edilmiş başlanğıc konfransı keçirildi. Konfransı giriş sözü ilə açan universitetin tədris işləri üzrə prorektoru İbrahim Kazımbəyli tələbələrin pedaqoji təcrübə zamanı görəcəkləri işlərdən danışdı və bu təcrübənin tələbələrin həyatında böyük rol oynayacağını xüsusi vurğuladı. Pedaqogika və psixologiya kafedrasının müdiri Solmaz Həsənovanın "Pedaqoji və psixoloji rəhbərlərin vəzifələri", pedaqoji təcrübə üzrə metodist Nazim Mahmudovun "Pedaqoji təcrübənin səmərəli keçirilməsi üçün metodist və təcrübəçi tələbələrin vəzifələri" haqqında məruzələri dinlənildi. Tələbələrə keçəcəkləri təcrübədə uğurlar arzulandı.
Mina QASIMOVA
|
![]() |
![]() |
![]() |
![]() |